“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qərara alıram:
1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:
2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirsin;
2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2026-cı il
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası
Hüquqi, dünyəvi və demokratik dövlət, sosial rifah və mədəni müxtəliflik prinsiplərinin dərin kök saldığı müasir Azərbaycanda mədəniyyətin intibahı dövrün regional və qlobal çağırışları müstəvisində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını şərtləndirir.
“Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası (bundan sonra – Konsepsiya) qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir.
Sağlam mədəni və yaradıcı həyat tərzi fərdin, cəmiyyətin, dövlətin, habelə xalqın inkişafına hər zaman əhəmiyyətli təsir göstərmişdir. Mədəniyyətin həyat tərzinin tərkib hissəsi olması bu inkişafın əsas amillərindəndir. Azərbaycan mədəniyyətinin müasir modeli fərdin mədəni həyatda daha geniş və yaradıcı iştirakına şərait yaratmaqla, dövlətin sosial, siyasi, iqtisadi və digər sahələrdə qarşısına qoyduğu strateji məqsəd və hədəflərə daha sürətlə çatmasına imkanlar açır. Bu model Azərbaycan Respublikasında dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bərqərar olması, ölkənin rəqabətli insan kapitalı və innovasiyalar məkanına çevrilməsi üçün əsas vasitələrdən biri kimi çıxış edir.
Azərbaycan mədəniyyətinin müasir modeli qlobal çağırışlara cavab verməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını təmin edən mədəniyyət modelidir. Bu məqsədlə Konsepsiya milli mədəniyyətə yeni strateji baxışı şərtləndirir. Konsepsiyanın uğurla həyata keçirilməsi və müasir mədəniyyət modelinin işlək olması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, idarəetmə formasının, müasir sosial-iqtisadi yanaşmanın və ahəngdar fəaliyyətin təmin edilməsi zəruridir.
Azərbaycan Respublikasının mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla, mədəni həyatın təmin edilməsi üçün əlverişli mühit yaradılmasına, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin tərbiyə potensialına və şəxsiyyətin formalaşması prosesində mədəniyyətdən istifadəyə əsaslanan istiqamətdir. Mədəniyyət sahəsində dayanıqlı inkişafa və Konsepsiyada müəyyən edilən məqsədlərə nail olmaq üçün bu sahədə dövlət siyasətinin mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi zəruridir.
Konsepsiya çərçivəsində Azərbaycan mədəniyyətinin müasir modeli aşağıdakıları nəzərdə tutur:
Bu məqsədlə mədəniyyət sahələrindən, habelə mədəniyyətin funksionallığının artırılmasına xidmət edən əsas alətlərdən (mədəni və yaradıcı sənaye, mədəniyyət diplomatiyası, rəqəmsallaşma və s.) səmərəli istifadə ilə bağlı davamlı və hədəfli fəaliyyətin həyata keçirilməsi zəruridir.
Konsepsiyada mədəniyyətin aşağıdakı əsas sahələri əhatə olunur:
Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri” aşağıdakıları əhatə edir:
Konsepsiyanın aşağıdakı mərhələlərdə tədbirlər planları əsasında həyata keçirilməsi nəzərdə tutulur:
Növbəti mərhələ üzrə tədbirlər planı əvvəlki mərhələ üçün tədbirlər planının nəticələrinin qiymətləndirilməsi əsasında tərtib edilir.
Konsepsiya çərçivəsində aşağıdakı dövlət proqramlarının layihələrinin hazırlanması nəzərdə tutulur:
Bundan əlavə, Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tarixi-mədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq Azərbaycan Respublikasının regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaqdır.
BMT Baş Assambleyasının 2015-ci il sentyabrın 25-də təsdiq etdiyi 17 dayanıqlı inkişaf məqsədindən və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də (bundan sonra – 2030 Gündəliyi) “şəhərləri və yaşayış məntəqələrini inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı etmək” adlı 11-ci dayanıqlı inkişaf məqsədinin 11.4-cü “Dünyanın mədəni və təbii irsinin qorunması və mühafizə edilməsi üçün səyləri gücləndirmək” hədəfində mədəniyyət ilk dəfə qlobal səviyyədə davamlı inkişaf amili olaraq tanınmışdır. 2030 Gündəliyinin dayanıqlı inkişaf məqsədləri və hədəflərinin milli və yerli səviyyədə həyata keçirilməsinə mədəniyyətin töhfəsinin ölçülməsi və izlənilməsi məqsədilə UNESCO tərəfindən 22 tematik göstərici müəyyən edilmişdir.
Mədəni özünüifadə müxtəlifliyinin qorunması müasir dövrdə mədəniyyətin qlobal funksiyaları sırasında yer alır. Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə əhatəli və tarazlı mədəni mübadilənin genişləndirilməsində cəmiyyətin bütün təbəqələrinin iştirakı zəruridir. Bu səbəbdən mədəniyyətlərarası dialoq təşviq edilməli, mədəni fəaliyyət, mədəniyyət məhsulları və xidmətləri özünəməxsusluq, dəyər və məna daşıyıcısı kimi tanınaraq, onların səciyyəvi xüsusiyyətləri qorunmalıdır. Bu baxımdan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il 20 oktyabr tarixli Konvensiyasından irəli gələn tədbirlərin icrası bu Konsepsiyanın əsas məqsədlərindəndir.
UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyasının icrası ilə əlaqədar hazırladığı “İnkişaf üçün mədəni ifadələrin müxtəlifliyini təşviq edən onillik” (2015) və ”İnkişaf üçün yaradıcılığı inkişaf etdir” (2018) adlı hesabatlarında mədəniyyətin yeni vəzifələri və bu sahədəki çağırışlar vurğulanmışdır.
BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”na (bundan sonra – Çərçivə Konvensiyası), Çərçivə Konvensiyasına dair Kioto Protokoluna və Paris Razılaşmasına uyğun olaraq UNESCO 2017-ci ildə qəbul etdiyi “İqlim dəyişmələri ilə əlaqədar etik prinsiplərə dair bəyanat”da üzv dövlətləri və onların mərkəzi, yerli dövlət və özünüidarə orqanlarını, icmaları, fərdləri, elmi və beynəlxalq təşkilatları qərar qəbul etmə və fəaliyyətləri zamanı mədəniyyətə əsaslanan, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş 6 prinsipə – ədalət, davamlı inkişaf, həmrəylik, qərarların qəbulunda elmi bilik və dürüstlük, ehtiyatlı yanaşma və zərərin qarşısının alınması prinsiplərinə əməl etməyə çağırmışdır.
Türk Dövlətləri Təşkilatının “Türk Dünyası 2040 Vizyonu” sənədində türk dünyası ölkələrinin ortaq mədəni irsinin qorunması, təbliği və mədəni fəaliyyətin inkişaf etdirilməsinin vacibliyi qeyd olunmuşdur.
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü il noyabrın 11–22-də Bakı şəhərində keçirilmiş 29-cu sessiyasında (COP29) Azərbaycan Respublikası “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüsün məqsədi ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq, mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməkdir.
Azərbaycan Respublikası mədəniyyət sahəsində dövlət siyasətini qeyd edilən qlobal trendləri nəzərə almaqla həyata keçirir.
2003–2025-ci illər ərzində Azərbaycan Respublikasında mədəniyyət sahəsində əhəmiyyətli işlər görülmüşdür.
Azərbaycan mədəniyyətinin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” uğurla icra olunmuşdur.
Kinematoqrafiyanın və kino sənayesinin inkişafına dövlət dəstəyi göstərilmiş, akademik, milli və aparıcı teatrların sayı artmış, ölkə ərazisində 100-dən artıq beynəlxalq festival, xarici ölkələrdə isə 60-dan çox Azərbaycan mədəniyyəti günləri, 100-dən artıq yubiley və digər mədəniyyət tədbirləri keçirilmişdir.
Qeyd olunan illərdə ölkədə mədəniyyət sahələri üzrə fəaliyyət göstərən yaradıcılıq ittifaqlarına və birliklərinə davamlı dövlət qayğısı göstərilmişdir.
Mədəni irsin qorunması sahəsində də mühüm işlər görülmüş, 2003–2023-cü illər ərzində Azərbaycanın 4 mədəni və təbii irsi – Qobustan qaya sənəti mədəni landşaftı (2007-ci il), Xan sarayı ilə Şəki şəhərinin tarixi mərkəzi (2019-cu il), Hirkan meşələri (2023-cü il) və Xınalıq Köç yolu (2023-cü il) UNESCO-nun “Dünya irsi siyahısı”na daxil edilmiş, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5 olmuşdur. Bakı şəhəri (2017-ci il), Şəki şəhəri (2018-ci il) və Lənkəran şəhəri (2019-cu il) UNESCO nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilmişdir. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”nda (22 nümunə) və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”nda (2 nümunə) yer almışdır. Azərbaycan üzrə “Tibb və farmakologiyaya aid orta əsrlər əlyazmaları” adı altında 3 əlyazma (Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsərləri) 2005-ci ildə, Məhəmməd Füzulinin “Divan”ının surəti 2017-ci ildə, Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” 2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı reyestri”nə daxil edilmişdir.
Ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42700-dən artıq sərgi təşkil olunmuş, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılmış, 20085 eksponat bərpa olunmuşdur.
Həmçinin, ölkədə yeni muzey və rəsm qalereyaları yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli 2316 nömrəli Sərəncamı əsasında Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin açılışı olmuşdur. İşğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təməli qoyulmuşdur.
Mədəniyyət sahəsində təhsil fəaliyyətini həyata keçirən müəssisələr yaradılmış, habelə son 20 il ərzində 60-dan çox mütəxəssis dövlət dəstəyi ilə xarici təhsil müəssisələrində mədəniyyət ixtisasları üzrə təhsil almışdır.
2003–2024-cü illərdə Azərbaycanda mədəniyyət sahəsində 14 qlobal və 100-dən artıq regional tədbir keçirilmişdir. Mədəniyyətlərarası dialoqu genişləndirmək məqsədilə “Bakı Prosesi” qlobal mədəni təşəbbüsü, ümumdünya mədəniyyətlərarası dialoq forumlarının da daxil olduğu həmin tədbirlər nəticəsində Azərbaycan Respublikası beynəlxalq müstəvidə mədəni-siyasi nüfuz sahibinə çevrilmişdir. Beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə 6 xarici ölkədə (Almaniya, Avstriya, Fransa, İtaliya, Özbəkistan, Türkiyə) Azərbaycan mədəniyyət mərkəzi yaradılmışdır. Müxtəlif illərdə Azərbaycan Respublikasının 3 şəhəri İslam Dünyasının Mədəniyyət Paytaxtı (Bakı – 2009-cu il üçün, Naxçıvan – 2018-ci il üçün, Şuşa – 2024-cü il üçün), 2 şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı (Şəki – 2016-cı il üçün, Şuşa – 2023-cü il üçün) elan edilmişdir.
Həmçinin, dövlətin mədəniyyət siyasətinə ictimai dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən mədəniyyət sahəsində milli və beynəlxalq proqram və layihələr (Milli Muğam Müsabiqəsi, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və s.) həyata keçirilmiş, insanların yaradıcı potensialının aşkara çıxarılmasına, qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradılmışdır.
Azərbaycan mədəniyyətinin sahələr üzrə inkişafı və mahiyyətcə zənginləşdirilməsi ilə bərabər, mədəniyyət infrastrukturu da inkişaf etdirilmişdir. Mədəni və yaradıcı sənayenin (bundan sonra – MYS) iqtisadi və sosial təsirlərinin qiymətləndirilməsi və Ümumi Daxili Məhsulda (bundan sonra – ÜDM) payının ölçülməsi üçün beynəlxalq praktikaya uyğun metodologiya müasir təmayüllərdəndir. Azərbaycanda hazırda bu sahədə metodoloji işlər davam etdirilir. İlkin hesablamalara əsasən, MYS-nin ÜDM-dəki payı 2018-ci ildə 0,6 faiz, 2019-cu ildə 0,8 faiz, 2020-ci ildə 0,9 faiz, 2021-ci ildə 0,69 faiz, 2022-ci ildə 0,6 faiz, 2023-cü ildə 0,72 faiz, 2024-cü ildə isə 0,8 faiz təşkil etmişdir.
MYS-nin qeyri-neft sektorunda payı 2021-ci il (1,1 faiz) ilə müqayisədə artaraq, 1,2 faiz təşkil etmişdir. 2024-cü ildə MYS-nin ölkənin mal ixracında payı 2022-ci illə müqayisədə 2,5 dəfə artmışdır.
MYS subyektlərinin ümumi sayı və MYS ilə məşğul olan hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə artmışdır.
2003-cü ildən etibarən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq metodik göstərişlərinə istinadən, milli iqtisadiyyatın strukturuna və statistikasına uyğunlaşdırılaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan iqtisadiyyatın (bundan sonra – yaradıcı iqtisadiyyat) ÜDM-də payının ölçülməsinə imkan verən metodika tətbiq edilməkdədir. Həmin metodikaya görə, yaradıcı iqtisadiyyat “müəlliflik hüququnun əsas sahələri”, “qarşılıqlı asılılıq münasibətlərində olan sahələr”, “müəllif hüququna qismən əsaslanan sahələr” və “köməkçi sahələr” olmaqla, 4 fəaliyyət qrupunu əhatə edir. Qeyd edilən metodikaya uyğun Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində aparılan hesablamalara əsasən, bütövlükdə yaradıcı iqtisadiyyatın ÜDM-də payı getdikcə artmaqdadır: bu pay 2010-cu ildə 3,5 faiz, 2023-cü ildə 5,2 faiz təşkil etmişdir.
Mədəniyyət sisteminin ümumi təhlili göstərir ki, ölkədə mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərlə bərabər çağırışlar da mövcuddur.
Həmin çağırışlar aşağıdakılardır:
1.1. mədəniyyət sahəsində uzunmüddətli və dayanıqlı hədəflərə hesablanmış vahid dövlət siyasətinin həyata keçirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, geniş ictimai iştirakçılığın təmin edilməsi;
1.2. insan resurslarının inkişafı, sahələr üzrə ixtisaslaşmanın təmin edilməsi, mədəniyyət sahəsində təhsilin məzmununun, ixtisasların və peşələrin, işə qəbul qaydalarının müasirləşdirilməsi;
1.3. maliyyə mənbələrinin diversifikasiyası, mədəniyyət sahəsində təşviq mexanizmlərinin yaradılması, dövlət–özəl tərəfdaşlığı və digər layihələr hesabına investisiyalar cəlb edilməsi, maddi-texniki bazanın gücləndirilməsi, rəqəmsallaşma səviyyəsinin artırılması;
1.4. beynəlxalq təcrübə nəzərə alınmaqla, əqli mülkiyyət hüquqlarının səmərəli qorunması sahəsində qurumlararası əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, müasir təsir mexanizmlərinin yaradılması və təşviqi;
1.5. Azərbaycan mədəniyyəti barədə yerli və beynəlxalq səviyyədə vahid kommunikasiya siyasətinin həyata keçirilməsi, sosial medianın imkanlarından və müasir texnologiyalardan istifadənin genişləndirilməsi;
1.6. mədəniyyətin elm, təhsil və innovasiyalara inteqrasiyası, mədəniyyətlə bağlı elmi araşdırmaların dairəsinin, sayının və keyfiyyətinin artırılması, bu məqsədlə təşviq mexanizmlərinin yaradılması;
1.7. cəmiyyətdə nəsillərarası və digər dialoqun genişləndirilməsi, yüksək yaradıcı nailiyyətləri olan şəxslərin ictimai rolunun artırılması;
1.8. ümumi təhsil, xüsusilə ibtidai təhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin məzmununun Azərbaycanın mədəniyyət dəyərlərinə uyğunluğunun təmin edilməsi;
1.9. Azərbaycan mədəniyyətinə qarşı törədilmiş qanunsuz əməllər (mədəni sərvətlərin dağıdılması, talan edilməsi, mənimsənilməsi, xaricə satışı və digər şəkildə ölkədən qanunsuz çıxarılması), habelə vurulmuş zərər barədə məlumatın beynəlxalq səviyyədə yayılması, dəymiş zərərin əvəzinin tələb edilməsi və digər məsuliyyət məsələlərinin həlli istiqamətində əlaqələndirilmiş siyasi, hüquqi, diplomatik, iqtisadi və digər tədbirlərin həyata keçirilməsi.
Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması.
3.1. Azərbaycanda davranış mədəniyyəti və bilgi mədəniyyəti ilə bağlı sistemli araşdırma və təhlil aparılması, bu sahələrin mədəniyyətin tərkib hissəsi kimi dövlət siyasətinin əsas istiqamətləri olaraq müəyyən edilməsi;
3.2. ictimai yerlərdə davranış, cəmiyyətdə dialoq, məişət davranışı, nitq, etiket, gigiyena, estetik zövqlər və davranış mədəniyyətinin digər formalarına dair cəmiyyətin üzvləri arasında əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, geniş maarifləndirmə və təbliğat aparılması;
3.3. bilgi mədəniyyətinin funksionallığının artırılması, imkanlarının və təsirlərinin araşdırılıb qiymətləndirilməsi, elmi etikanın təşviq olunması;
3.4. davranış mədəniyyətinin və bilgi mədəniyyətinin tərkib hissəsi olaraq əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi.
4.1. Azərbaycan ədəbiyyatının və incəsənətinin araşdırılması, inkişafı və beynəlxalq aləmdə təbliği məqsədilə müasir yanaşmalara əsaslanan sistemli fəaliyyətin həyata keçirilməsi;
4.2. ölkədə peşəkar sənət mühitinin zənginləşdirilməsi və peşəkar sənət əsərlərinin keyfiyyətinin artırılması;
4.3. nəşriyyat işi ilə bağlı dəyər zəncirinin təkmilləşdirilməsi;
4.4. kitabxana sistemində nəticələrə hesablanmış yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması, infrastrukturun təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin artırılması;
4.5. əqli mülkiyyət hüquqlarının qorunmasının gücləndirilməsi.
5.1. nəticələrə hesablanmış yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması;
5.2. mədəniyyət əmlakının siyahılarının yenilənməsi, abidələrin balans mənsubiyyəti, sərhədləri və mühafizə zonalarının dəqiqləşdirilməsi, mədəni irsin qorunması və idarə edilməsinin qabaqcıl təcrübəyə uyğunlaşdırılması;
5.3. daşınar mədəni sərvətlərin yaradılması, qeydiyyatı və mühafizəsi işinə və dövriyyəsinə dair qaydaların təkmilləşdirilməsi.
6.1. MYS-nin iqtisadiyyata inteqrasiyası məqsədilə ÜDM-də payının ölçülməsi üçün normativ baza yaradılması, beynəlxalq təcrübəyə uyğun metodologiyanın müəyyən edilməsi;
6.2. MYS-yə xüsusilə birbaşa xarici investisiyaların həcminin artırılması və diversifikasiyası, peşəkar “təşkilatlanma mühiti”nin (klasterləşmə, yaradıcı sənaye parkları, qovşaqlar, inkubatorlar və digər ekosistem) gücləndirilməsi;
6.3. yaradıcı istedadların MYS-yə girişini asanlaşdıran, eləcə də təşviq edən təhsil və inkubasiya fəaliyyətinin həyata keçirilməsi, MYS ilə təhsil sahələri arasında sıx əməkdaşlığın qurulması;
6.4. mədəniyyət məhsulları və xidmətlərinin istehsal coğrafiyasının və əhatə dairəsinin genişləndirilməsi, keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması;
6.5. rəqabətədavamlı və müasir audiovizual sənayenin, o cümlədən kino sənayesinin yaradılması, audiovizual sənayedə dəyər zəncirinin formalaşdırılması.
7.1. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın “yumşaq gücü”nün artırılması üçün mədəniyyət diplomatiyasından geniş istifadə olunması;
7.2. hədəfli və dayanıqlı beynəlxalq mədəni mübadilənin sistemli şəkildə aparılması;
7.3. keyfiyyətli mədəniyyətlərarası dialoq üçün yeni alətlərin işlənilib tətbiq edilməsi;
7.4. dünya azərbaycanlıları arasında milli-mənəvi dəyərlərin öyrənilməsi və təbliği işinin aparılması, xaricdəki Azərbaycan mədəni irsi nümunələrinin aşkarlanması, Azərbaycan mədəni irsinin mənimsənilməsinə qarşı qabaqlayıcı və sonrakı fəaliyyətin həyata keçirilməsi.
4.1. Konsepsiyanın icrası nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur:
4.1.1. Azərbaycanın mədəniyyət dəyərlərinin qorunması və Azərbaycan mədəniyyətinin mütərəqqi modelinin formalaşdırılması;
4.1.2. Azərbaycan dilinin dünya dilləri arasında mövqeyinin möhkəmləndirilməsi, regional ünsiyyət vasitəsi kimi rolunun artırılması, beynəlxalq səviyyədə təbliğinin və təşviqinin genişləndirilməsi;
4.1.3. yeni kommunikasiya modellərinin və alətlərinin tətbiqi vasitəsilə, həmçinin mədəniyyətin həyat tərzinin tərkib hissəsinə çevrilməsini təmin etməklə cəmiyyətdə ünsiyyətin və sosial əlaqələrin keyfiyyətinin artırılması;
4.1.4. mədəni irsin müəyyən edilməsi, araşdırılması, bərpası, qorunması və təbliği sahəsində mütərəqqi sistemin yaradılması;
4.1.5. mədəni turizmin inkişafı;
4.1.6. MYS-nin inkişafı, MYS məhsullarının ixracının artırılması;
4.1.7. mədəniyyətə investisiyaların cəlb edilməsi, infrastrukturun təkmilləşdirilməsi, mədəniyyətin rəqəmsallaşdırılması və rəqəmsal mədəniyyətin inkişafı;
4.1.8. mədəniyyət diplomatiyasının inkişafı.
5.1. Konsepsiya aşağıdakı məqsədlərə nail olunmasına xidmət edir:
5.1.1. mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi;
5.1.2. Azərbaycanın mədəniyyət dəyərlərinin qorunmasının və təbliğinin, beynəlxalq miqyasda tanıdılmasının siyasi, iqtisadi və sosial təsirlərinin genişləndirilməsi;
5.1.3. Azərbaycan dilinin, incəsənətin və ədəbiyyatın mədəniyyətdə payının, funksionallığının, cəmiyyətin tərəqqisində, fərdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün, estetik zövqünün, dünyagörüşünün, həyat fəlsəfəsinin formalaşmasında rolunun artırılması;
5.1.4. davranış mədəniyyətinin, bilgi mədəniyyətinin fərdin və cəmiyyətin həyatında rolunun, sosial və siyasi təsirinin artırılmasını təmin edən sistemin formalaşdırılması;
5.1.5. MYS-nin inkişafı və iqtisadiyyata inteqrasiyası, o cümlədən MYS sahəsində iqtisadi fəaliyyət və peşə növlərinin sayının, məşğulluq səviyyəsinin, ixrac edilən mal və xidmətlərin sayının, həcminin və rəqabətədavamlılığının artırılması;
5.1.6. mədəniyyətin ÜDM-də payının artırılması;
5.1.7. mədəni irsin qorunmasının və mədəni irslə əlaqəli infrastrukturun müasir tələblərə uyğun təkmilləşdirilməsi;
5.1.8. mədəni turizmdə müasir dəyər zəncirinin formalaşdırılması;
5.1.9. mədəniyyət sahəsində əqli mülkiyyət hüquqlarının qorunması və təminatı ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi;
5.1.10. mədəniyyət sahəsində vahid informasiya və kommunikasiya siyasətinin formalaşdırılması;
5.1.11. mədəniyyətin rəqəmsallaşma səviyyəsinin artırılması və mədəniyyət sahəsində rəqəmsal ekosistemin formalaşdırılması;
5.1.12. Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni mübadilədə səmərəli iştirakı, Azərbaycanın mədəniyyət dəyərlərinin geniş təbliği, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi;
5.1.13. Azərbaycan mədəniyyəti nümunələrinin beynəlxalq siyahılara daxil edilməsinin və mədəniyyət sahəsində beynəlxalq öhdəliklərin icrasının əlaqələndirilmiş şəkildə həyata keçirilməsi;
5.1.14. mədəniyyətə cəlb edilən investisiyaların artırılması və diversifikasiyası;
5.1.15. işğaldan azad edilmiş ərazilərdə mədəniyyət institutlarının bərpası, yeni infrastrukturun yaradılması, mədəni həyatın canlandırılması və mədəni irsin qorunması.
6.1. Konsepsiya çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyata keçiriləcəkdir:
6.1.1. Mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi:
6.1.1.1. Əsaslandırma: Azərbaycan Respublikasında mədəniyyətin hər bir fərdin və bütövlükdə cəmiyyətin inkişafında rolunun artırılması məqsədilə, ilk növbədə, mədəniyyət sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zəruridir;
6.1.1.2. Görüləcək tədbirlər:
6.1.1.2.1. mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;
6.1.1.2.2. mədəniyyət sahəsində institusional islahatlar aparılması;
6.1.1.2.3. mədəniyyətə əlçatanlığın və inklüzivliyin təmin edilməsi;
6.1.1.2.4. mədəniyyət sahəsində maliyyələşdirmənin optimallaşdırılması və investisiyaların təşviqi;
6.1.1.2.5. mədəniyyət sahəsində insan kapitalının inkişafı və kadr hazırlığının artırılması;
6.1.1.2.6. mədəniyyət infrastrukturunun təkmilləşdirilməsi;
6.1.1.2.7. mədəniyyət sahəsində rəqəmsal inkişaf və rəqəmsal mədəniyyətin formalaşdırılması;
6.1.1.2.8. müasir mədəniyyət kommunikasiyası modellərinin tətbiqi;
6.1.1.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq normativ hüquqi akt layihələri hazırlanacaqdır;
6.1.1.3.2. mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, ixtisaslı kadrların sayı artırılacaqdır;
6.1.1.3.3. mədəniyyət sahəsində davamlı sosial əlaqələr, əməkdaşlıq və dialoq genişləndiriləcək, yeni və keyfiyyətli məzmun yaradılacaqdır;
6.1.1.3.4. mədəniyyət sahəsinin maliyyələşdirilməsi mexanizmləri təkmilləşdiriləcək, dövlət–özəl tərəfdaşlığı modellərindən istifadə olunacaqdır;
6.1.1.3.5. mədəniyyət sahəsində kadr hazırlığı sistemi təkmilləşdiriləcəkdir;
6.1.1.3.6. mədəniyyət əmlakı inventarlaşdırılacaq və siyahılar tərtib ediləcəkdir;
6.1.1.3.7. mədəniyyət sahəsində göstərilən xidmətlər rəqəmsallaşdırılacaqdır;
6.1.1.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. inventarlaşdırılma və rəqəmsallaşdırılma üçün maliyyə vəsaitinin qarşılanması məqsədilə sahibkarlarla sıx əməkdaşlıq qurulması, eləcə də dövlət–özəl tərəfdaşlığından istifadə edilərək maliyyələşdirilmənin təmin edilməsi ilə bağlı tədbirlər görülə bilər;
6.1.2. Azərbaycan dilinin inkişafı:
6.1.2.1. Əsaslandırma: Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac vardır;
6.1.2.2. Görüləcək tədbirlər:
6.1.2.2.1. Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi;
6.1.2.2.2. Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi;
6.1.2.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. Azərbaycan ədəbi dili inkişaf edəcəkdir;
6.1.2.3.2. Azərbaycan dilində yeni əsərlər yaradılacaqdır;
6.1.2.3.3. Azərbaycan ədəbi dilindən istifadə artacaqdır;
6.1.2.3.4. Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaqdır;
6.1.2.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. araşdırma və elmi tədqiqatlar üçün maliyyə vəsaitinin təmin edilməsi məqsədilə sahibkarlarla sıx əməkdaşlıq qurulması, eləcə də qrant proqramları və dövlət özəl tərəfdaşlığından istifadə edilərək maliyyələşdirilmənin aparılması ilə bağlı tədbirlər görülə bilər;
6.1.3. Davranış mədəniyyəti və bilgi mədəniyyəti:
6.1.3.1. Əsaslandırma: Davranış mədəniyyəti və bilgi mədəniyyəti sağlam və inkişaf etmiş cəmiyyətin formalaşmasında əsas amillərdən biridir. Davranış mədəniyyəti fərdin milli-mənəvi dəyərlərə əsaslanaraq digər fərdlərlə, qruplarla əlaqə və ünsiyyət qurmaqda, ətraf dünya ilə rəftarda ifadə olunan davranış formalarının məcmusudur. Bilgi mədəniyyəti isə elmin, təhsilin və maarifləndirmənin Azərbaycanın mədəniyyət dəyərlərinə əsaslanmaqla həyata keçirilməsini, fərdlərin və cəmiyyətin gündəlik həyatında informasiya daxil olmaqla bilgidən istifadəni istiqamətləndirən yanaşma, baxış və ifadə formalarının məcmusunu nəzərdə tutur. Azərbaycan Respublikasında bu sahələrin inkişaf etdirilməsi və funksionallığının təmin olunması məqsədilə müasir alətlərin və modellərin hazırlanması, effektiv tədbirlərin görülməsi şərtdir;
6.1.3.2. Görüləcək tədbirlər:
6.1.3.2.1. Azərbaycanda davranış mədəniyyətinin rolunun artırılması istiqamətində qurumlararası əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi;
6.1.3.2.2. Azərbaycan cəmiyyətinin elmi əsaslı çoxmeyarlı (ünsiyyət, qiymətləndirmə, rəhbərlik etmə, qərar vermə, etibar etmə, razılaşmama/fikir ayrılığı, vaxta/planlaşdırmaya münasibət, inandırma) davranış mədəniyyəti modelinin və onun əsasında cəmiyyətdaxili və dünya mədəniyyətləri ilə səmərəli kommunikasiya alətlərinin hazırlanması və təbliği;
6.1.3.2.3. milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi ailə institutunun nüfuzunun gücləndirilməsi istiqamətində qurumlararası əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi;
6.1.3.2.4. ictimai iştirakçılıq təmin edilməklə, Azərbaycanda inkulturasiya, akkulturasiya və assimilyasiya imkanlarının araşdırılması;
6.1.3.2.5. Azərbaycanda bilgi mədəniyyətinin funksionallığının artırılması istiqamətində qurumlararası əlaqələndirilmiş tədbirlər həyata keçirilməsi;
6.1.3.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. ictimai yerlərdə davranış, cəmiyyətdə dialoq, məişət davranışı, nitq, etiket, gigiyena, estetik zövqlər və davranış mədəniyyətinin digər formaları inkişaf edəcəkdir;
6.1.3.3.2. bilgi mədəniyyətinin funksionallığı artacaqdır;
6.1.3.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. prosesə cəlb edilə biləcək mütəxəssislərin və araşdırmaların məhdudluğu nəzərə alınaraq, xarici mütəxəssislərin prosesə cəlb edilməsi və araşdırmaların genişləndirilməsi ilə bağlı tədbirlər görülə bilər;
6.1.4. Ədəbiyyatın inkişafı:
6.1.4.1. Əsaslandırma: Azərbaycan ədəbiyyatı mədəniyyətin inkişafında, eləcə də fərdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşmasında mühüm rol oynamaq potensialına malikdir. Ədəbiyyatın rolunun artırılması, təbliğinin, o cümlədən nəşriyyat işinin inkişafı sistemli fəaliyyət şəklində həyata keçirilməlidir;
6.1.4.2. Görüləcək tədbirlər:
6.1.4.2.1. mədəniyyətin inkişafında, eləcə də məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında ədəbiyyatın rolunun artırılması;
6.1.4.2.2. ədəbiyyatın təbliğinin, o cümlədən nəşriyyat işinin inkişafı;
6.1.4.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. elmi və ədəbi yaradıcılıq inkişaf edəcəkdir;
6.1.4.3.2. kitabxanaların fəaliyyəti təkmilləşdiriləcək, o cümlədən fiziki və rəqəmsal kitabxana resursları zənginləşdiriləcəkdir;
6.1.4.3.3. ədəbiyyata və nəşriyyat işinə dair sənət növləri inkişaf edəcəkdir;
6.1.4.3.4. nəşriyyat işi dəyər zənciri müasirləşdiriləcəkdir;
6.1.4.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.4.1. tədbirlərin həyata keçirilməsi ilə bağlı mexanizmlərin nəticəyönlü metod və metodologiyadan istifadə edilməklə hazırlanmasına, xarici mütəxəssislər daxil olmaqla, mütəxəssislər cəlb edilə bilər;
6.1.4.4.2. tədbirlərin həyata keçirilməsi sahibkarların və digər maraqlı tərəflərin maliyyə vəsaiti hesabına təmin edilə bilər. Sahibkarların və digər maraqlı tərəflərin vəsaiti tədbirlərin tam həcmdə həyata keçirilməsi üçün kifayət etmədikdə, maliyyələşmənin bu Konsepsiyanın 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;
6.1.5. İncəsənətin inkişafı:
6.1.5.1. Əsaslandırma: Azərbaycan incəsənətinin mədəniyyətdə rolu kifayət qədər genişdir. Bu rolun effektivliyinin artırılması, incəsənətin inkişafının təmin edilməsi, ölkədə peşəkar sənət mühitinin zənginləşdirilməsi üçün tədbirlər görülməsi zəruridir;
6.1.5.2. Görüləcək tədbirlər:
6.1.5.2.1. mədəniyyətin, cəmiyyətin və fərdlərin inkişafında incəsənətin rolunun artırılması;
6.1.5.2.2. incəsənətin sahələr üzrə inkişafı;
6.1.5.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.5.3.1. incəsənət inkişaf edəcəkdir;
6.1.5.3.2. unudulmuş və ya unudulmaqda olan sənət növləri bərpa olunacaqdır;
6.1.5.3.3. teatrların fəaliyyəti, infrastrukturu və repertuarları təkmilləşdiriləcəkdir;
6.1.5.3.4. Azərbaycanın musiqi irsinin qorunması təmin olunacaqdır;
6.1.5.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.5.4.1. tədbirlərin həyata keçirilməsi sahibkarların və digər maraqlı tərəflərin maliyyə vəsaiti hesabına təmin edilə bilər. Sahibkarların və digər maraqlı tərəflərin vəsaiti tədbirlərin tam həcmdə həyata keçirilməsi üçün kifayət etmədikdə, maliyyələşmənin bu Konsepsiyanın 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;
6.1.5.4.2. yaradılan incəsənət məzmununun yayılması üçün müasir mexanizmlər və mühit müvafiq dövlət və yerli özünüidarəetmə orqanları, eləcə də ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi yolu ilə təmin edilə bilər.
6.1.6. Mədəni irsin qorunması və inkişafı:
6.1.6.1. Əsaslandırma: Azərbaycan mədəni irsi Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Mədəni irs cəmiyyətin keçmişinə aid dəyərləri özündə ehtiva etməklə yanaşı, onları gələcək nəsillərə ötürmək üçün əsas vasitə rolunu oynayır. Mədəni irsin qorunmasının təkmilləşdirilməsi məqsədilə davamlı və sistemli fəaliyyətin həyata keçirilməsi, həmçinin beynəlxalq mədəni mübadilədə iştirakın genişləndirilməsi istiqamətində tədbirlər görülməsi zəruridir;
6.1.6.2. Görüləcək tədbirlər:
6.1.6.2.1. vahid yanaşma tətbiq edilməklə, mədəni irsin qorunması sahəsində nəticəəsaslı yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması, mədəni irslə əlaqəli infrastrukturun müasirləşdirilməsi və təkmilləşdirilməsi;
6.1.6.2.2. mədəni irsin qorunması, o cümlədən bərpası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə yeni təşviq və dəstək mexanizmlərinin, açıq və şəffaf idarəetmə və nəzarət sisteminin yaradılması, dövlət−özəl tərəfdaşlığının və dövlət−vətəndaş əlaqələrinin genişləndirilməsi;
6.1.6.2.3. mədəni irslə bağlı məlumat bazalarının təkmilləşdirilməsi, o cümlədən mədəniyyət əmlakı siyahılarının yenilənməsi, abidələrin balans mənsubiyyətinin, sərhədlərinin və mühafizə zonalarının dəqiqləşdirilməsi;
6.1.6.2.4. qeyri-maddi mədəni irsin araşdırılması, sistemləşdirilməsi, qeydiyyatı və qorunmasının gücləndirilməsi;
6.1.6.2.5. Azərbaycan xalqının yaratdığı mədəni irsin yerləşdiyi tarixi coğrafiyada Azərbaycan xalqının mədəni irsinin atribusiyası, qorunması və restitusiyası ilə bağlı fəaliyyətin həyata keçirilməsi;
6.1.6.2.6. işğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması və dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görülməsi;
6.1.6.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.6.3.1. mədəni irsə vahid yanaşma təmin olunacaqdır;
6.1.6.3.2. mədəni irslə bağlı məlumat bazaları təkmilləşdiriləcəkdir;
6.1.6.3.3. mədəni irsin qorunması, o cümlədən bərpası sahəsində fəaliyyət təkmilləşdiriləcəkdir;
6.1.6.3.4. mədəni sərvətlərin yaradılması, qeydiyyatı, dövriyyəsi, mühafizəsi işi təkmilləşdiriləcəkdir;
6.1.6.3.5. muzey və qalereyaların fəaliyyəti və infrastrukturu təkmilləşdiriləcək, inklüzivlik və əlçatanlıq təmin olunacaqdır;
6.1.6.3.6. mədəni turizm inkişaf edəcəkdir;
6.1.6.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.6.4.1. mədəni irsin inventarlaşdırılması və infrastrukturun yenilənməsi üçün tələb olunacaq maliyyə vəsaitinin qarşılanması məqsədilə dövlət–özəl tərəfdaşlığı və digər əməkdaşlıq modelləri çərçivəsində tədbirlər görülə bilər. Sahibkarların və digər maraqlı tərəflərin vəsaiti tədbirlərin tam həcmdə həyata keçirilməsi üçün kifayət etmədikdə, maliyyələşmənin bu Konsepsiyanın 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;
6.1.6.4.2. mədəni irsin yeni qorunma modelinin, o cümlədən texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasına və tətbiqinə əlavə mütəxəssislər cəlb edilə, nəticəyönümlü beynəlxalq əməkdaşlıq tədbirləri həyata keçirilə bilər;
6.1.7. Mədəni və yaradıcı sənayenin inkişafı:
6.1.7.1. Əsaslandırma: MYS-nin ölkə iqtisadiyyatında rolu genişlənməkdədir. Azərbaycan Respublikasında MYS-nin inkişafı MYS-nin ÜDM-də payının artırılması və yaradıcı şəxslərin məşğulluğunun təmin edilməsi baxımından zəruridir;
6.1.7.2. Görüləcək tədbirlər:
6.1.7.2.1. MYS-nin dinamik inkişafını təmin edən qanunvericilik və institusional islahatların həyata keçirilməsi;
6.1.7.2.2. MYS-nin maliyyələşdirilməsi mənbələrinin diversifikasiyası, bu sahəyə investisiya qoyuluşu və təşviqi imkanlarının, habelə dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi;
6.1.7.2.3. MYS-nin müqayisəli üstünlüyə malik sahələri üzrə dəyər zəncirinin formalaşdırılması, milli brendlərin yaradılması;
6.1.7.2.4. kino sənayesində dövlət sifarişi sisteminin, dəyər zəncirinin, o cümlədən kütləvi nümayiş və yayım sisteminin təkmilləşdirilməsi;
6.1.7.2.5. filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi;
6.1.7.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.7.3.1. MYS-yə investisiya qoyuluşları artacaqdır;
6.1.7.3.2. MYS üzrə dəyər zənciri təkmilləşdiriləcəkdir;
6.1.7.3.3. MYS üzrə ixrac potensialı gücləndiriləcəkdir;
6.1.7.3.4. MYS üzrə fəaliyyət sahələri inkişaf edəcək və məşğulluq artacaqdır;
6.1.7.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.7.4.1. tədbirlərin həyata keçirilməsi sahibkarların və digər maraqlı tərəflərin maliyyə vəsaiti hesabına təmin edilə bilər. Sahibkarların və digər maraqlı tərəflərin vəsaiti tədbirlərin tam həcmdə görülməsi üçün kifayət etmədikdə, maliyyələşmənin bu Konsepsiyanın 7-ci hissəsində qeyd olunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;
6.1.8. Mədəniyyət diplomatiyasının inkişafı:
6.1.8.1. Əsaslandırma: Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliği prosesində mədəniyyət diplomatiyası əsas alətlərdən biridir. Azərbaycanın “yumşaq gücü”nün artırılması məqsədilə bu sahədə həyata keçirilən dövlət siyasəti siyasi, iqtisadi və sosial təsir gücünə malik olmalıdır;
6.1.8.2. Görüləcək tədbirlər:
6.1.8.2.1. Azərbaycan mədəniyyətinin və mədəniyyət dəyərlərinin beynəlxalq aləmdə təbliği ilə bağlı fəaliyyətin, o cümlədən Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi;
6.1.8.2.2. Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi və beynəlxalq ünsiyyətdəki rolunun artırılması məqsədilə tədbirlər görülməsi;
6.1.8.2.3. Azərbaycanın mədəni irsinin beynəlxalq aləmdə təbliği, tanıdılması və qorunması məqsədilə qurumlararası əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi;
6.1.8.2.4. Azərbaycanın mədəni irs nümunələrinin təbliği, o cümlədən nüfuzlu onlayn platformalarda yerləşdirilməsi, sərgilənməsi, araşdırılması və digər qaydada tanıdılması üçün normativ hüquqi bazanın və prosedurların təkmilləşdirilməsi;
6.1.8.2.5. Azərbaycanın sənədli irsinin UNESCO-nun “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsi ilə bağlı tədbirlər görülməsi;
6.1.8.2.6. Azərbaycanın dünyadakı izinin dərinləşdirilməsi məqsədilə Azərbaycanda dayanıqlı beynəlxalq mədəniyyət tədbirlərinin təşkili, Azərbaycan mədəniyyətinin xarici və beynəlxalq mədəniyyət tədbirlərində təmsil edilməsinin və təbliğinin genişləndirilməsi;
6.1.8.2.7. Azərbaycanın dünyadakı izinin araşdırılması, o cümlədən Azərbaycan mənşəli mədəni irs nümunələrinin və mədəni sərvətlərin yerləşmə xəritəsinin hazırlanması, tədqiqi və atribusiyası, habelə mümkün olduqda restitusiyası və qaytarılması ilə bağlı məsələlərin sistemli şəkildə həll edilməsi;
6.1.8.2.8. dünyanın aparıcı muzeylərində Azərbaycan mədəniyyəti guşələrinin yaradılması və həmin muzeylərlə əməkdaşlığın genişləndirilməsi;
6.1.8.2.9. mədəniyyətin və onunla əlaqəli fəaliyyətin seçilmiş sahələrində Azərbaycanın regional və beynəlxalq qovşağa çevrilməsinin təmin olunması;
6.1.8.2.10. Azərbaycan vətəndaşlarının və dünya azərbaycanlılarının yaradıcılıq bacarıqlarının artırılması yolu ilə beynəlxalq layihələrdə və təşkilatlarda aparıcı mövqelərdə iştirakının genişləndirilməsi;
6.1.8.2.11. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması;
6.1.8.3. Gözlənilən nəticə və nəticə indikatorları:
6.1.8.3.1. dövlətin “yumşaq gücü” artacaqdır;
6.1.8.3.2. Azərbaycan mədəniyyətinin və mədəniyyət dəyərlərinin beynəlxalq aləmdə təbliği gücləndiriləcəkdir;
6.1.8.3.3. Azərbaycan dövlətinin beynəlxalq imicinə, tarixinə və mədəniyyətinə qarşı aparılan mənfi təbliğat zəifləyəcək və əhəmiyyətsizləşdiriləcəkdir;
6.1.8.4. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.8.4.1. tədbirlərin həyata keçirilməsinə dünyada baş verən geosiyasi proseslərin təsirini neytrallaşdırmaq üçün mütəxəssislərin iştirakı ilə təhlillər, araşdırmalar və planlamalar aparıla bilər.
Konsepsiya çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində müvafiq icraçı təşkilatlar üçün nəzərdə tutulmuş vəsait, dövlət–özəl tərəfdaşlığı yolu ilə özəl tərəfdaşların vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.