Şirvanşahların ailə türbəsi

Multimedia / Video 03-mar-2026, 07:19 133

 Şirvanşahların türbəsi — Şirvanşahlar saray kompleksinin aşağı həyəti ərazisində yerləşən üç tikilidən (digər iki tikili Şah məscidi və Saray hamamıdır) biri. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzlarla bəzədilmiş və altıbucaqlı günbəzlə tamamlanmış düzbucaqlı olması görünür. Orta əsrlərdə günbəz üzərindəki ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilib.

Giriş üzərindəki kitabə bu tikilinin inşa tarixi və memarı haqqında məlumat verir. Orada yazılmışdır: "Dinin müdafiəçisi, peyğəmbərin adamı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daimi etsin, bu işıqlı türbəni öz anası və yeddi yaşlı oğlu üçün, Allah onlara rəhmət eləsin, tikdirməyi əmr etdi, 839-cu il".

 1954-cü ildə şərqşünas alim Ə.Ələsgərzadə portal üzərindki bu yazıları oxumuşdur. Digər yazılar Quran surələrindən götürülmüşdür. Portalı bəzəyən medalyonda yalnız güzgü vasitəsilə oxunan yazı ilə memarın adı yazılmışdır: "Allah, memar Məhəmməd Əli". Məlumdur ki, memarlara tikililər üzərində öz adlarını yazmaq qadağan olunmuşdu. Ona görə də sənətkar öz adını bu yolla şriftləşdirmişdir. Bu isə memarlıq əqlinin kəskinliyini və ziddiyyətdən çıxış yolu tapma məharətini və işini layiqincə yerinə yetirdiyini göstərir.

 M. Nemət isə belə qərara gəlmişdir ki, türbənin giriş portalı üzərindəki medalyonda memarın adı yazılmayıb. O, medalyondakı yazını belə oxuyur: "Əlhəmdülillahi və əla həəma’ihi" (Allaha və onun nemətlərinə həmd olsun).

 Türbə binasının sonradan mədrəsə kimi istifadə edilməsi, həmin qəbirlərin pis vəziyyətə salınması ilə nəticələnmişdir. 1947-ci ildə türbə təmir edilərkən aparılan arxeoloji qazıntılar zamanı döşəmənin səthindən xeyli dərində 6 qəbir meydana çıxarılıb.