Şirvanşahlar saray kompleksinin yuxarı həyətində yerləşən, keçmişdə Keyqubad məscidinə bitişik olmuş türbə binası. Türbədə Şirvanşah I Xəlilullahın dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi dəfn edilib.
Bakuvi sufi olduğuna görə türbə elmi ədəbiyyatda tez-tez "Dərviş məqbərəsi" də adlandırılır.
Bu binada türbənin günbəz və divarlarını örtən və hələlik saray kompleksinin tikililəri içərisində daxili boyaların salamat qalmış yeganə nümunəsi olan sqrafitto tipli rəngli mala diqqət cəlb edir.
Mütəxəssislərin bir çoxu bu türbəni Seyid Yəhya Bakuviyə aid etsələr də, bəzi tədqiqatçılar sarayın orta və aşağı həyətindəki bütün abidələrin Xanəgah kompleksi olmasını qeyd edirlər.
Tarixçilərin məlumatına görə, Seyid Yəhya Bakuvi I Xəlilullahın dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdığına görə, o, hicri təqvimlə 862-ci ildə vəfat etmişdir. Dövrümüzə Bakuvinin 30 əsəri çatmışdır ki, onlar da əsasən təsəvvüfi xüsusiyyət daşıyır. Alimin əsərlərinin əksər əlyazmaları Türkiyənin Manisa şəhərindəki Muradiyyə kitabxanasında saxlanılır.
A.Bakıxanovun verdiyi məlumata görə, o, bu şəhərin ruhaniməktəbinin baş müəllimi olmuş, onun adı sirli elmlərlə tanınmışdır. Bakuvi sufizmlə məşğul olurdu ki, bu elmin davamçılar da dərviş adlandırılırdılar. Türbənin xalq arasında Dərviş məqbərəsi adı ilə tanınmasının səbəbi də budur.
Türbə üzərində onun kimə aid olduğunu və ya memarın kimliyini göstərən kitabə yoxdur. M. Nemət qeyd edir ki, "Şirvanşahlar saray kompleksində bu günə kimi xalq arasında Dərviş türbəsi adlanan yerdə dəfn olunmuş dərvişin Şirvanşah I İbrahim zamanında (1382–1417) hicri tarixi ilə 805-ci ildə (1402–1403) Mərəzə yaxınlığındakı Diri baba türbəsinin kitabəsini yazmış şəxs olmasını inkar etmək olmaz.


